Azərbaycanda son illər ərzində gənclər siyasəti sahəsində istər qanunvericilik, istərsə də praktiki sahədə mütərəqqi addımlar atılmış, gənclərin özünü reallaşdırması və potensialının üzə çıxarılması üçün lazımi şərait yaradılmışdır.
Gənclərin ictimai həyatda rolunun artırılması və məsul vəzifələrə irəli çəkilməsi baxımından onların qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və s. kimi liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir.
Bunu nəzərə alaraq, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “GəncLİK” Proqramı II təşkil olunur.
“GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir.
Proqram çərçivəsində təlimlər 2023-cü ilin fevral – aprel aylarını əhatə etməklə peşəkar xarici və yerli mentorların iştirakı ilə təşkil olunacaq.
Proqramın sonunda gənc liderlər dövlət qurumları, aparıcı şirkətlər və beynəlxalq təşkilatlarda təcrübə keçəcəklər.
Proqramın sonunda iştirakçılar əldə edəcəklər:
- ünsiyyət qurmaq, inandırıcı və savadlı danışmaq
- qərar qəbul etmək
- çeviklik, emosiyalarını idarə etmək
- kreativlik və innovativlik
- məsuliyyətlilik və cavabdehlik
- komandada işləmək, komandanı formalaşdırmaq
- problemlərin həlli
- fikirlərini dəqiq ifadə etmək, danışıqlar aparmaq
- vaxtın düzgün idarə olunması