11 yanvar 2020-ci il tarixində gənc liderlər “Azərkosmos” ASC-yə səfər edib və qurumun Sədri Rəşad Nəbiyev ilə görüşüblər.

Görüş zamanı gənclərə “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və onlar vasitəsilə həyata keçirilən layihələr barədə geniş məlumat verilib. Azərbaycanın “Kosmik Proqramı”na öz töhfəsini verəcək yeni nəsil gənclərin yetişməsi üçün “Azərkosmos” tərəfindən bu sahədə davamlı keçirilən innovativ layihələrdən bəhs olunub. Bildirilib ki, bu layihələrin iştirakçısı olan gənclər texniki biliklərlə yanaşı, komanda işi, təqdimat və ünsiyyət bacarıqları, layihələrin idarəolunması kimi vərdişlərə də yiyələniblər.

Həmçinin görüşdə gənclərin xüsusi marağının olduğu kosmik sahənin idarəetmə standartları və bu sahə üzrə Azərbaycanda toplanan bilik, bacarıq və vərdişlərdən söz açılıb. Bu gün Azərbaycan gəncliyinin çevikliyi sayəsində emosional zəka və yumşaq vərdişlərin müasir dövrün tələblərinə tez uyğunlaşa bildiyi vurğulanıb və prosesin daha da sürətlənməsi üçün gənc liderlərə tövsiyələr verilib.