18 may 2020-ci il tarixində “GəncLİK” proqramının iştirakçılarının Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov ilə onlayn formatda görüşü baş tutub.
Görüş zamanı gənclərin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən dövlət proqramlarından, insan kapitalının formalaşmasında təhsilin gücündən və ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan bəhs edilib, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb. Eyni zamanda, qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Görüşdə Fondun fəaliyyət istiqamətləri haqqında da gənc liderlərə geniş məlumat verilib. Region gənclərinin sosial, mədəni və şəxsi inkişafı üçün regionlarda mövcud Heydər Əliyev mərkəzlərində yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyətindən, gənclər üçün bütün imkan və xidmətləri özündə cəmləşdirən “GencApp” mobil tətbiqindən və bu ildən gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində tətbiq edilən yenilikdən ətraflı danışılıb .
Sonda gənc liderlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.