29 fevral, 2020-ci il tarixində Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə gənc liderlərin görüşü baş tutub. Tural Gəncəliyev görüşdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərindən və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamədən danışıb. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Münaqişə Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq Ermənistanın destruktiv siyasəti nəticəsində öz həllini tapa bilmir. İcmanın sədri bütün bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimizin üzərinə böyük vəzifə düşdüyünü xüsusilə vurğulayıb. Sonda gənc liderlərə qarşıdakı fəaliyyətlərində uğurlar arzulayan Tural Gəncəliyev onlarla xatirə şəkli çəkdirib